İran hökuməti 4 min
yaşlı abidəni məxfi saxlamaqda davam edir Azərbaycan ərazisindən mumiya tapılıb.
İndiki İranın tərkibində olan Qərbi Azərbaycan ostanında, Qızıllı kəndi
yaxınlığında təsadüfən qədim Azərbaycan dövləti padşahlarından birinin mumiyası
tapılıb. Bu nadir tapıntı İranın Ermənistanla birlikdə tikdirdiyi Xudafərin su
anbarında qazıntı işləri görülən zaman aşkar edilib. Bir neçə min il əvvəl
Azərbaycan ərazisində dövranını sürmüş padşahın mumiyalanmış cəsədi bir həvəskar
tərəfindən videolentə alınıb. Əldə etdiyimiz məlumata görə tapıntı barədə xəbər
tutan Iran rəsmiləri onu götürüb aparıblar və bu vaxta qədər də dünya
arxeoloqları, eləcə də Azərbaycan tarixçiləri bu haqda məlumatlandırılmayıblar.
Halbuki, mumiya Azərbaycanın tarixi ərazisində aşkar edildiyi üçün Iran elmi
nomenklaturası onun öyrənilməsi üçün Azərbaycan alimlərinə müraciət etməli idi.
Şəkildən göründüyü kimi
bu nadir tapıntının üzərində qədim mixi yazıları ilə yazılmış kitabə mövcuddur.
Cəsədin başına geyindirilmiş tac qızıldandır və olduğu kimi qalıb. Cəsədin
yerləşdirildiyi tabut da qızıldandır. Onun yanına qədim döyüş silahı olan nizə
qoyulub. Cəsədin baş tərəfində, sağda isə qızıl sandıqça qoyulub. Padşahın
başında olan tac, onun nizəsi, üzərindəki kitabələr və sandıqça qiymətli
daşlarla bəzədilib. Bu əlamətlər qəti olaraq müəyyənləşdirməyə imkan verir ki,
mumiyalanmış cəsəd bir zamanlar bu ərazidə hakimiyyət başında olan ünlü
padşahlardan biri olub. İlkin dəyərləndirməyə görə bu mumiyanın yaşı üç min
ildən artıqdır. Güman edirik ki, Azərbaycan Elmlər Akademiyasının tarixçiləri və
arxeoloqları bu tapıntının birgə öyrənilməsi üçün İrana rəsmən müraciət
edəcəklər. Əgər İran tərəfi abidəni məxfi qrifi altından çıxarsa, mumiyanın
öyrənilməsi bölgənin tarixi ilə bağlı məqamlara mühüm dəqiqləşdirmələr etməyə
imkan verəcək.//"Azadlıq"